Şirvanşahların yay iqamətgahı
Şirvanşahların yay iqamətgahı — Şirvanşahların yay sarayı.
Dəniz sahilindən 2 km. məsafədə, Nardaran kəndinin şimali-şərq kənarında, yüksək qumsallıqda mövqe tutmuş yay tikilisi həcm-məkan tutumu ilə ətraf tikililər içərisində hakim mövqeyə malikdir. Nardaranın dənizsahili əlverişli iqlimi, strateji əhəmiyyətli coğrafi məkan, XIII–XIV əsrə aid müdafiə qalasının yaxınlığı, Şirvan şahlarının məhz bu ərazini istirahət zonası üçün yararlı hesab etmişlər. Xalq arasında "Xan bağı" adı ilə tanınmış bu tikiliyə "Şah bağı" demək daha düzgün olardı. Şirvan-Abşeron memarlıq məktəbi üslubunda tikilmiş yay yerləşkəsinin üzərində epiqrafik yazıların aşkarlanmaması, memarlıq-plan həllinə, tikinti texnikası və arxitektonikasına görə Şirvan şahlarının Bakının "İçəri şəhər"indəki saray kompleksinə yaxınlığı, bu tikilinin XIII–XIV əsrlərə aid etməyə imkan verir. Nəzərə alsaq ki, Şimali Azərbaycan ərazisində xanlıqların yaranması XVII–XVIII əsrlərə təsadüf edir, onda bu bağın "Şah bağı" olduğu inkaredilməzdir.
Yazılı mənbələrdə "Şah bağının" komleks tikililər; onu əhatə edən üzümlüklər içərisində bir neçə kiçik köməkçi xidmət otaqlarının, hovuz və iki su quyusunun olduğundan xəbər verilir. Yəqin ki, bağın ərazisi nə vaxtsa baş tağlı girişə malik olmaqla hasarla əhatələnmişdir. Fasadın dənizə istiqamətlənmiş girişi dərin taxçalı oxvari baş tağla başlanır.